Şimali Makedoniyanın Skopye şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycan güləşçiləri uğurlu çıxışlarını davam etdirirlər.
Offsideplus.az xəbər verir ki, turnirin beşinci günündə qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Yığmamızın üzvü Ruzanna Məmmədova (62 kq) finalda Türkiyə təmsilçisi Özdenur Özmezlə üz-üzə gəlib. Rəqibini 6:0 hesabı ilə darmadağın edən idmançımız növbəti dəfə qızıl medala sahib çıxıb. Bu zəfərlə titulunu qoruyan Ruzanna, Azərbaycan güləşi tarixində U-20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi kimi tarixə düşüb.
Komandamızın digər üzvü Zəhra Kərimzadə (72 kq) isə bürünc medal uğrunda gərgin keçən qarşılaşmada Türkiyə idmançısı İlayda Çinə minimal fərqlə (9:11) uduzaraq yarışı 5-ci pillədə başa vurub.


