“Qarabağ”ın ötən mövsüm transfer etdiyi Kamilo Duran nəinki Şotlandiyanın, futbol tarixinin ən köklü klublarından biri olan “Seltik”ə transfer olundu. Britaniya təmsilçisi kolumbiyalı futbolçu üçün “kəhər atlar”a 5.5 milyon funt=sterlinq (təxminən 13 milyon manat) ödədi. Bu keçid ölkə futbolunun yeni transfer rekordudur. Maraqlıdır ki, bir neçə həftə əvvəl Ağdam təmsilçisi daha bir uğurlu satışa imza atmışdı. Belə ki, Leandro Andradeni heyətinə qatmaq üçün Ukraynanın “Polissya” klubu “Qarabağ”a təxminən 6 milyon manat ödəmişdi.
Bu faktlar onu göstərir ki, “Qarabağ” artıq reallaşdırdığı transferlərdən sadəcə meydandakı nəticə olaraq yox, həm də gəlir mənbəyi kimi xeyir qazana bilir. Necə deyərlər: “həm ziyarət, həm ticarət”. Həm Kamilo, həm də Leandro oyunları ilə “Qarabağ”a çox böyük fayda verdilər, həmçinin klub bu iki satışdan ümumilikdə 20 milyon manata yaxın qazanc əldə etdi. Bu rəqəm Azərbaycan futbolu üçün fantastik məbləğdir.
“Qarabağ” artıq hər iki cəbhədə - meydanda və transfer bazarında uğurlu fiqura çevrilir. Obrazlı desək, Ağdam təmsilçisi qazandığı uğurlara görə “Real Madrid”, transfer siyasətinə görə isə “Borussiya Dortmund” klubunu xatırladır. Artıq klubun akademiyasında yetişən futbolçuların da keyfiyyəti göz qabağındadır.
“Qarabağ” yavaş-yavaş Azərbaycan futbolunun növbəti fundamental problemini də həll edir. Əvvəllər də ölkəmizə keyfiyyətli legionerlər gəlirdi, lakin onların gedişindən pul qazanmaq mümkün olmurdu, ya da cüzi miqdarda təzminat alınırdı. Ağdam təmsilçisi artıq bu yolun da cığırını açmaqdadır...


