“Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç Offsideplus.az-a müsahibə verib.

O, Azərbaycanın uşaq futbolundakı çatışmazlıqlar və UEFA Gənclər Liqası haqqında danışıb:

– UEFA Gənclər Liqası kimi turnilərin oyunçulara təsirini hiss edirsiniz?

– Bəli, əlbəttə. Bu cür oyunlar ən yüksək səviyyəli qarşılaşmalardır. Həmişə dediyim kimi, belə oyunlar sizin bütün çatışmazlıqlarınızı üzə çıxarır və sizdən maksimum performans tələb edir.

– Azərbaycanlı futbolçular avropalı həmyaşıdlarından çox geridədir?

– Əslində, inkişaf etmək üçün məhz belə oyunlara ehtiyac var. Zəif tərəflərinizin üzə çıxması vacibdir. Eyni zamanda, rəqabətədavamlı olmaq üçün ən yüksək intensivliklə oynamalısınız. Əminəm ki, azərbaycanlı uşaqlar bu cür oyunlarda daha çox iştirak etmək imkanı qazansaydılar, onların inkişaf səviyyəsi xeyli yüksək olardı. Təəssüf ki, Azərbaycan uşaq və yeniyetmə futbolu baxımından Avropadan, eləcə də yüksək səviyyəli oyun və turnirlərdən kifayət qədər təcrid olunmuş vəziyyətdədir. Düşünürəm ki, onların geridə qalmasının əsas səbəbi də məhz budur.

– Bəs bizə nə qədər müddət lazımdır?

– Dediyim kimi, düşünmürəm ki, azərbaycanlı istedadlı futbolçular 13–14 yaşlarına qədər avropalı həmyaşıdlarından geri qalırlar. Problemlər əsasən 14 yaşdan başlayaraq əsas komandaya qədər olan inkişaf mərhələsində ortaya çıxır. Xüsusilə də oyunun tələbləri getdikcə artır, fərdi bacarıqlardan daha çox komanda oyununa üstünlük verildikdə problemlər başlayır. Yəni futbolçulardan fərdi oyundan komanda oyununa keçmək, kollektiv şəkildə hərəkət etmək tələb olunduqda çətinliklər yaranır. Düşünürəm ki, azərbaycanlı futbolçuların ən böyük problemləri məhz bu sahədədir. Avropalı həmyaşıdlarından nə qədər geri qaldıqlarını deməli olsam, düşünürəm ki, bu məqam müəyyən göstərici sayıla bilər. Məncə, həqiqətən də 14 yaşdan etibarən azərbaycanlı futbolçuların problemləri getdikcə artır. Dediyim kimi, bunun bir çox səbəbi var. Amma əsas səbəblərdən biri odur ki, onlar müəyyən mənada təcrid olunmuş şəraitdə oynayırlar. Əsasən bir-birlərinə qarşı mübarizə aparırlar və özlərini daha yüksək səviyyədə sınamaq imkanı verən beynəlxalq turnirlərdə kifayət qədər iştirak etmirlər. Mən burada klub səviyyəsindən danışıram. Milli komandalar səviyyəsində futbolçular müəyyən qədər beynəlxalq oyun təcrübəsi qazanırlar. Amma digər ölkələrdə də milli komandalar birlikdə nisbətən az məşq edirlər. Buna görə də həmin problem milli komandalar səviyyəsində klub səviyyəsində olduğu qədər qabarıq şəkildə üzə çıxmır.

– Qısa bir sual: Nədən başlamalıyıq?

– Əvvəlki suallara da toxunsaq, düşünürəm ki, Azərbaycan futbolunda bu istiqamətdə işlər daha yaxşı qurularsa, komandalarımız bu cür turnirlərdə, belə güclü rəqiblərə qarşı daha çox komanda və futbolçu ilə mübarizə aparmaq imkanı əldə edərsə, aradakı fərq növbəti 5–10 il ərzində tədricən azalacaq. Çünki biz indidən, məsələn, U-13 və U-14 yaş qruplarından başlamalıyıq. Bu nəsildən olan futbolçuların inkişaf yolu avropalı həmyaşıdlarının keçdiyi yola bənzəməlidir. Onlar da Avropadakı həmyaşıdları kimi yüksək intensivlikli oyunlarda iştirak etməli, oxşar səviyyədə beynəlxalq oyun təcrübəsi qazanmalıdırlar. Məhz bu yolla futbolçularımız Avropadakı həmyaşıdları ilə aralarındakı fərqi əhəmiyyətli dərəcədə azalda bilərlər.