"Sabah" klubunun U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, mütəxəssis turnirin gənc futbolçuların inkişafı üçün faydalı olacağını bildirib:

"Bu turniri səbirsizliklə gözləyirəm. Artıq yeddi ildir ki, Azərbaycandayam və buradakı futbol mühitini yaxşı tanıyıram. Yarış mənim üçün çox maraqlıdır, çünki turnirin formatına əsasən, oyunlar meydanın yarısında keçiriləcək. Düşünürəm ki, bu format azərbaycanlı futbolçuların inkişafına kömək edəcək.

Bundan əlavə, bu yaş qrupunda avropalı və azərbaycanlı futbolçular arasında səviyyə fərqi hələ o qədər də böyük deyil. Ona görə də turnirin Azərbaycanın U-15 komandası üçün çox maraqlı olacağını düşünürəm".

Qeyd edək ki, turnirin açılış mərasimi bu gün saat 19:00-da "Bakı Kristal Zalı"nda keçiriləcək. Saat 19:30-da isə Azərbaycan millisi Şərqi Timor yığması ilə üz-üzə gələcək.