"Fənərbağça" ötən mövsümün Avroliqa yarımfinalının revanşında Yunanıstanda "Olimpiakos"u 64:61 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın ilk 18 dəqiqəsində cəmi 14 xal toplayan "sarı-lacıvərdlilər" hesabda 16 xal geridə olsa da, sonda iradə göstərərək qələbə qazanıb.
Oyundan sonra baş məşqçi Şarunas Yasikeviçius bildirib ki, bəzən qələbə gözəl oyunla gəlmir: "Bu oyunu xarakterimiz və inamımız sayəsində qazandıq. Hər şey bizim üçün çox pis gedirdi. 'Olimpiakos' hər səhvimizi cəzalandırdı, biz isə onların səhvlərindən istifadə edə bilmədik. Amma heç vaxt inamımızı itirmədik. Son dəqiqələrdə oyun istənilən istiqamətə gedə bilərdi, amma biz qalib gəldik. İlk 15 dəqiqədə bərbad oynasaq da, qalan 25 dəqiqədə daha üstün tərəf idik. Bəzən hər şey yaxşı getməyəndə də qələbə tapmaq lazımdır. Bəzən gözəl, bəzən isə "çirkin" oynayırsan. Sadəcə, bu qədər çirkin olacağını gözləmirdim".
Hazırda "FənərbaĞça" 6 qələbə, 1 məğlubiyyətlə Avroliqada "Panatinakos"la liderliyi bölüşür və növbəti turda "Valensiya"nın qonağı olacaqlar. "Olimpiakos" isə 5 qələbə, 2 məğlubiyyətlə növbəti oyunda İstanbulda "Beşiktaş"la qarşılaşacaq.
Yunanıstanda baş verən basketbol qalmaqalına münasibət bildirən Jasikeviçius qeyd edib:
"Burada üç tərəf var: məşqçilər, oyunçular və hakimlər. Hər kəs çox çətin və stresli iş görür. Qərarlar kabinetlərdə verilməməlidir. Ümid edirəm ki, səlahiyyətli orqanlar həqiqəti üzə çıxaracaq, çünki biz basketbolu çox sevirik və onun təmiz qalmasını istəyirik. Bu bizim üçün müqəddəsdir, basketbolsuz heç kimik. Ona görə də bu vəziyyətləri düzgün qiymətləndirməli, vicdanla işləməliyik. Ümid edirəm ki, günahkarlar cəzalandırılacaq. Bu, demokratiyanın əsas şərtlərindən biridir".


