İvitsa Zubaç "İndiana Peysers"in baş məşqçisi Rik Karlaylın komandasına qarşı sərt davranışından danışıb. "İndiana Peysers" mövsümün ilk oyununda "Nyu Orlean Pelikans"a qarşı fasiləyə qədər böyük fərqlə geri düşsə də, sonda 123:120 hesabı ilə qələbə qazanıb. Komanda üçün ən uğursuz hissə ikinci çeyrək olub və bu hissə 18:35 hesabı ilə başa çatıb. Zubaç görüşü 16 xal və 15 ribaundla tamamlayıb.

Offsideplus.az xəbər verir ki, Zubaç oyundan sonra bildirib: "İkinci hissədə komanda istənilən səviyyədə çıxış etmədi. Top uğrunda mübarizədə zəif idik və bu, baş məşqçimizin sərt reaksiyasına səbəb oldu. Karlayl fasilədə bizə qarşı həqiqətən sərt davrandı. Onun bu tərəfini ilk dəfə gördüm. Avropada karyeramın əvvəlində məni belə məşqçilər çalışdırıb. Buna görə də bu üsluba öyrəşmişəm. Burada, liqada isə belə hallar nadir olur. Mənə bu cür yanaşma lazım idi və bu məni oyuna köklədi. Düşünürəm ki, sonradan daha yaxşı oynadım. Amma hələ inkişaf üçün yer var. Komandaya daha çox kömək etməliyəm ki, sürətli hücumlar qura bilək. Oyun əvvəlində ribaundları toplaya bilmədik. Əgər ilk dəqiqələrdən düzgün oynasaydım, asanlıqla 20 ribaund edə bilərdim".