Misli Premyer Liqasının 9-cu turunda "Zirə"yə 2:3 hesabı ilə məğlub olan "Sumqayıt"ın baş məşqçisi Filipe Kandido matçdan sonra mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında təəssüratlarını bölüşüb:

"Bizim üçün utancverici nəticə oldu. Komandam bundan daha çoxuna layiq idi. Oyuna heç də yaxşı başlamadıq və yersiz top itkilərinə yol verdik. Hesab 0:2 olduqdan sonra futbolçularımın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Oyunda dönüş yaradacağımıza inanırdım. Fasilədən sonra iki qol vursaq da, yalnız biri hesaba alındı. Şübhəsiz ki, oyunçularım daha çoxunu bacarmağa qadirdir. İnanıram ki, gələcəkdə liqanın iddialı komandalarına qarşı da uğurlu çıxış edəcəyik".

Baş məşqçi komandada hücumçu ("9 nömrə") çatışmazlığına da toxunub:

"Bu mövqedə Nihadı sınadıq. Fiziki göstəriciləri klassik "9 nömrə" profilinə tam uyğun gəlməsə də, bu gün çox yaxşı mübarizə apardı. İki hücumçumuzun sıradan çıxması işimizi çətinləşdirir".

Kandido qarşıdakı oyunlar və turnir cədvəli barədə fikirlərini söyləyib:

"Liqada asan rəqib olmadığını düşünürəm. Bizim üçün ən vacib qarşılaşma həmişə növbəti matçdır. Hazırda turnir cədvəli ilə maraqlanmıram, hər oyuna fərdi şəkildə hazırlaşırıq".

46 yaşlı mütəxəssis hakim qərarları ilə bağlı sualı cavablandırarkən ehtiyatlı danışıb:

"Prinsip etibarilə hakimlər haqqında danışmağı sevmirəm. Onlar üçün də meydanda qərar vermək çətindir. Amma indi daha yaxşı imkanları - VAR sistemi var. Belə qərar verdilər, buna baxmayaraq komandam ruhdan düşmədi".

Sonda Kandido "Vitoriya Setubal"da birgə çıxış etdiyi Vəli Qasımov haqqında xoş sözlər söyləyib:

"Vəli Qasımov gördüyüm ən yaxşı futbolçulardan biridir. O, mükəmməl hücumçu olmaqla yanaşı, həm də əla insandır. Şəxsi münasibətimizə böyük hörmətlə yanaşıram. Sıx tez-tez görüşə bilməsək də, telefonla daim əlaqə saxlayırıq. Ondan çox şey öyrənmişəm. Birlikdə oynadığımız vaxtlarda mənim 18-19, onun isə 30-dan çox yaşı var idi".