"Dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar veriləndə turnirin startına cəmi 2-3 ay qalmışdı. Qısa müddət ərzində - 66 günə bu kompleksin hazır vəziyyətə gətirilməsi təqdirəlayiqdir".

Bu sözləri Hövsan Yarış Kompleksi və U-15 DÇ haqqında Offsideplus.az-a açıqlamasında Arif Əsədov deyib:

"Dünən kompleksdə ilk dəfə oldum və gördüyüm mənzərə beni doğrudan da yaxşı mənada təəccübləndirdi. Yaradılan şərait futbolumuzun inkişafına böyük təkan verəcəyinə ümid yaradır. Çünki AFFA-nın qəbul etdiyi inkişaf strategiyasının əsas bəndlərindən biri məhz infrastrukturun yaxşılaşdırılmasıdır. Tək Bakıda deyil, regionlarda da bu cür işlərin görülməsi çox böyük addımdır. Buradakı işdə AFFA rəhbərliyinin, SOCAR şirkətinin nümayəndələrinin və əməyi keçən hər kəsin böyük rolu var. Onların hər birinə təşəkkür və alqış düşür.

Təbii ki, yaratdıqları bu şərait gələcəkdə AFFA-nın balansında qalacaq və milli komandalarımız bundan bəhrələnəcəklər. Bu infrastruktur futbolçularımızın gələcək inkişafı üçün də böyük imkanlar açır. Artıq Dünya çempionatı start götürür və müxtəlif ölkələrdən komandalar ölkəmizə gəliblər. Onlar yaradılan şəraiti gördükcə ölkəmiz və futbolumuz haqqında müsbət təəssüratlar formalaşacaq.

Bütün bu uğurların başında ölkə prezidentinin futbola verdiyi dəyər durur. Təsadüfi deyil ki, onun futbolumuza olan diqqəti sayəsində biz bir neçə böyük turnirə, dunya və Avropa çempionatlarına ev sahibliyi etmişik. İlk dəfə keçirilən U-15 mundialının məhz Azərbaycana tapşırılması və bu cür yüksək infrastrukturun yaradılması ölkə başçısının idmanımıza verdiyi böyük dəyərin növbəti sübutudur".

Qeyd edək ki, turnir oktyabrın 24-dən start götürəcək.