"Hyuston Rokets" səfərdə "San Antonio Spurs" üzərində 114:110 hesablı qələbə qazanıb. Gərgin keçən qarşılaşma Ostindəki Moody Center-də baş tutub və bu nəticə ilə "Rokets" yeni mövsümə 2:0 hesablı uğurlu start verib. "San Antonio" isə ardıcıl ikinci oyunda məğlub olub.
Offsideplus.az xəbər verir ki, meydan sahiblərinin lideri Viktor Vembanyama 25 xal və 13 ribaundla fərqlənsə də, son saniyələrdə onun əlavə vaxta aparan atışını Amen Tompson bloklayıb. 22 yaşlı fransalı mərkəz oyunçusu 32 dəqiqəyə yaxın meydanda qalıb, 21 atışdan 9-da dəqiq olub, iki üçlük isabətli yerinə yetirib, iki blokşut və iki assistlə də yadda qalıb. Lakin onun dubl-dablı komandasına qələbə qazandırmayıb.
"Hyuston"un mərkəz oyunçusu Alperen Şengün isə 29 xalla qarşılaşmanın ən məhsuldar oyunçusu olub. O, xüsusilə son hissədə 14 xal toplayaraq komandasının qələbəsində əsas rol oynayıb. 24 yaşlı basketbolçu 35 dəqiqə ərzində 20 atışdan 10-da dəqiq olub, iki üçlük vurub, yeddi ribaund, yeddi assist və bir blokşutla yadda qalıb. Ehtiyatdan meydana çıxan serbiyalı Boqdan Boqdanoviç 11 dəqiqədə 3 xal və 1 ribaundla kifayətlənib. İsveçrəli mərkəz Klint Kapela isə bu oyunda iştirak etməyib.
Hər iki komanda növbəti oyununu şənbə günü keçirəcək. "San Antonio" ardıcıl ikinci səfər matçında "Dallas Maveriks"lə qarşılaşacaq. "Hyuston Rokets" isə "Atlanta Hoks"un qonağı olacaq.


