PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 8-ci turunda "Lion"la keçiriləcək oyunun oktyabrın 25-dən 26-na təxirə salınmasına münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, matçın parislilərin 10 futbolçusunun namizəd olduğu "Qızıl top"un təqdimetmə mərasimi ilə eyni vaxta təsadüf etməsi ispaniyalı mütəxəssisi narahat etmir:

"Bu, məni maraqlandırmır. Əgər bazar ertəsi oynayırıqsa və mövcud vəziyyət üçün belə daha yaxşıdırsa, bunu qəbul edirəm. Parisdəki situasiya və NFL oyunu ilə bağlı bazar günü xüsusi gündür. Bazar ertəsi oynamaq bizim üçün heç bir problem yaratmır. Komandamızdan bir neçə futbolçu "Qızıl top"u qazana bilər. Görək necə olur, amma bu, komandanın planlarına təsir etmir".