"Barselona"nın baş məşqçisi Hans-Diter Flik El-Klasiko qarşılaşmasından əvvəl "Real Madrid" haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Flik rəqib komandanı yüksək qiymətləndirib: "Çox özünəinamlı bir komanda görəcəyimi gözləyirəm. Söhbət böyük klubdan, əla oyunçulardan və baş məşqçidən gedir. Mən rəqibi məhz belə dəyərləndirirəm. Onların heyətində xüsusilə hücum xəttində çox keyfiyyətli futbolçular var. Son oyunlarda yaxşı təsir bağışlayıblar. El-Klasiko xüsusi qarşılaşmadır. Düşünürəm ki, bu, futbolun ən yaxşı oyunudur. Bütün dünya bu matçı izləyir. Meydanda üç xal uğrunda mübarizə gedir, amma bu, sadəcə üç xal üçün oyun deyil, bundan daha artığıdır. Belə bir hadisənin bir hissəsi olmaq möhtəşəmdir. Komandamda hər kəs necə oynamaq istədiyimizi yaxşı bilir. Hazırıq və özümüzə güvənirik".