Azərbaycan milli komandasının heyətində ən çox oyun keçirən sabiq kapitan, hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov ötən gün yığma karyerasını başa vuran Emin Mahmudovun qərarına münasibət bildirib.

Offsideplus.az-a danışan 44 yaşlı mütəxəssis millimizin tarixində ən çox qol vuran futbolçu kimi adını əbədiləşdirən sabiq komanda yoldaşının gedişinin onun üçün gözlənilməz olduğunu deyib:

"Açığı desəm, mənim üçün belə bir qərarın qəbul edilməsi gözlənilməz oldu. Çünki oyun forması baxımından düşünürəm ki, Emin ən azı daha bir il milliyə fayda verə bilərdi. Amma ən doğrusunu, ən yaxşısını özü bilir və bu qərarı da belə məsləhət görüb.

Mən də milli komandadakı karyeramı 35 yaşımda başa vurmuşdum, Emin isə hazırda 34 yaşındadır. Yenə də qərarına hörmətlə yanaşıram. Milli komandanın azarkeşi və onu sevən biri olaraq bu, bizim üçün çox məyusedici xəbər oldu. Çünki hamımız Emin Mahmudovun yığma üçün nə demək olduğunu başa düşürük və onun yerini doldurmaq çox çətin olacaq.

İnşallah, bundan sonrakı karyerasında Eminə uğurlar arzulayıram. Düşünürəm ki, o, hələ 3-4 mövsüm yüksək səviyyədə futbol oynaya bilər. Milli komandada göstərdiyi xidmətlərə görə ona təşəkkür edirəm. Emin tarix yazdı, yığmanın tarixində ən çox qol vuran futbolçu oldu. O, buna layiq idi.

Emin həmişə çalışqan, əzmkar və intizamlı futbolçu olub, liderlik keyfiyyətlərinə malikdir. Düşünürəm ki, gələcəkdə də milli komandamızın gənc futbolçuları üçün örnək olacaq. Ümid edirəm ki, gələcəkdə Emin Mahmudov kimi futbolçularımız yetişəcək. Gənc oyunçular ondan, onun oyun üslubundan, xarakterindən və idmançı keyfiyyətlərindən nümunə götürəcəklər. Arzu edirəm ki, Azərbaycan futbolunda Emin kimi daha çox futbolçu yetişsin. Ona bir daha klub karyerasında uğurlar arzulayıram".