Azərbaycanın U-21 millisi yoxlama oyununda Oman U-23 yığmasını 4:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, görüşdən sonra U-21 millisinin baş məşqçisi Rəşad Eyyubov oyunla bağlı fikirlərini bölüşüb.
O, ilk matçla müqayisədə bu dəfə taktiki baxımdan fərqli yanaşma tətbiq etdiklərini bildirib:
“İlk oyuna nisbətən bu dəfə taktiki baxımdan bir qədər fərqli oynadıq. Xüsusilə, pressinq zamanı fərqli yanaşma tətbiq etdik və çalışdıq ki, rəqib asanlıqla qısa ötürmələrlə müdafiədən çıxa bilməsin. Əsas dəyişiklik bu idi. Nəticədə pressinqdən sonra qol vurmağı bacardıq”.
Birinci və İkinci liqalardan futbolçuların milliyə dəvət olunması ilə bağlı suala cavab verən mütəxəssis aşağı liqalardakı oyun intensivliyinin kifayət qədər yüksək olmadığını vurğulayıb:
“Düzdür, bu toplanışda Birinci Liqadan altı futbolçu dəvət etmişik. Ancaq deyə bilərəm ki, Birinci Liqadakı mühit futbolçuları daha peşəkar olmağa və yüksək intensivlikdə oynamağa kifayət qədər təşviq etmir. Bu, müəyyən mənada problemdir.
İkinci Liqadan olan futbolçu hətta çox yaxşı çıxış etsə belə, hazırkı səviyyə bizim üçün hələ kifayət etmir. İstərdim ki, İkinci Liqada və Əvəzedicilər Liqasında oyunlar daha yüksək intensivliklə keçirilsin. Təəssüf ki, hazırda bu liqalardan milliyə futbolçu dəvət etmək imkanlarımız məhduddur”.


