Fransalı müdafiəçi Leven Kurzava peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı oyunçu bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib. O, vida mesajında çıxış etdiyi bütün klublara və azarkeşlərə təşəkkürünü bildirib:
"Bir vaxtlar başlamaq lazım idi, bu gün isə bitirməyi bacarmaq lazımdır. Bu illər ərzində futbol mənə hər şeyi öyrətdi, həyatımın ayrılmaz hissəsinə çevrildi və mənə çox şey qazandırdı. "Monako"dan PSJ-yə, "Fulhem"dən "Boavişta"ya və "Persib"ə qədər bütün klublara təşəkkür edirəm. Komanda yoldaşlarıma, prezidentlərə, məşqçilərə, klub əməkdaşlarına və rəhbərlərə, eləcə də yolumun kəsişdiyi hər kəsə minnətdaram. Xüsusilə Fransa millisində çıxış etmək mənim üçün böyük qürur mənbəyidir. Azarkeşlərə də təşəkkür edirəm ki, bu yolda daim yanımda oldular. Ailəmə və yaxınlarıma dəstəyə görə minnətdaram. Bu gün futbolçu karyeramı böyük qürur və dərin minnətdarlıq hissi ilə başa vururam. Bu, sadəcə yeni bir mərhələnin başlanğıcıdır".
Qeyd edək ki, Kurzava PSJ-nin heyətində 5 dəfə Fransa çempionu olub, 4 dəfə ölkə kubokunu, 4 dəfə Liqa Kubokunu və Superkuboku qazanıb, həmçinin 2019/2020 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib. O, son klubu "Persib"lə isə 2025/2026 mövsümündə İndoneziya çempionluğunu yaşayıb. Müdafiəçi Fransa millisində keçirdiyi 14 matçda 1 qolla yadda qalıb.


