Azərbaycan millisinin hücumçusu Mahir Emreli Andorra ilə yoxlama görüşündən (3:1) sonra Offsideplus.az saytına açıqlama verib.

O, qarşılaşmanı və "Rakuv"dakı karyerasını dəyərləndirib:

"Qarşılaşma kifayət qədər maraqlı alındı. Hər iki komanda hücum etməyə çalışır, meydanda gərgin mübarizə gedirdi. Erkən qol vurmağımız qələbədə rol oynadı. Bu gün gənc futbolçular da meydana çıxdılar və özlərini çox yaxşı tərəfdən göstərdilər. Hər kəs sona qədər mübarizə apardı.

Yavaş-yavaş öz oyunumuzu tapırıq. "Rakuv"da yeni baş məşqçinin gəlişindən sonra sistem də daha yaxşı oturub. Futbolçu müntəzəm oynayanda daim formada olur. Komanda nəticə baxımından çətinlik çəksə belə, müntəzəm oyun praktikası futbolçunun özünəinamına müsbət təsir göstərir. "Rakuv"a keçməkdə əsas məqsədlərimdən biri də əvvəlki klubumla müqayisədə daha çox oynamaq idi. Hələlik hər şey yaxşı gedir. Son üç oyunumuzda qələbə qazanmışıq, həftəsonu isə derbi matçımız var".

Emreli mövsümün sonunda Azərbaycana qayıtmaq ehtimalı haqqında danışarkən bildirib ki, futbolçu hər hansı addım atarkən ilk növbədə düzgün qərar verməyə çalışır, lakin bu qərarlar həmişə uğurlu alınmır:

"Məsələn, "Kayzerslautern"də yaşadığım vəziyyət buna nümunədir. Mövsümün orada necə keçəcəyini əvvəldən bilə bilməzdim. Ümumiyyətlə, həmin mövsümdən sonra Azərbaycana qayıtmaq özüm üçün xoş olmazdı. Çünki belə olan halda, insanların fikrində "alınmadı və geri qayıtdı" düşüncəsi formalaşa bilərdi. Lakin yaxşı mövsüm keçirdikdən sonra insan gələcəyi barədə daha rahat düşünür, karyerasını uzadacaq və özü üçün faydalı olacaq variantları nəzərdən keçirir. Bu, Azərbaycan klubu da ola bilər, Avropanın başqa təmsilçisi və ya Asiya komandası da. Son qərar futbolçunun özündən asılıdır.

Bu məsələdə hər oyunçunun yanaşması fərqlidir: kimisi maliyyə tərəfini, kimisi isə oyun praktikasını üstün tutur. Mənim "Kayzerslautern"dən ayrılmaqda əsas məqsədim də daha çox oynamaq idi. Halbuki, Almaniyada həm maaş, həm də yaşayış şəraiti baxımından hər şey çox yaxşı idi. Amma oynamağı sevən futbolçu kimi mənim üçün əsas məsələ meydana çıxmaq idi. Hazırda komandamda xoşbəxtəm, burada çox gözəl ab-hava var. Açığı, bu qədər müsbət mühitlə qarşılaşacağımı gözləmirdim. Mövsümün sonunadək mübarizə apararaq komandadakı yerimi qorumağa və daha da möhkəmləndirməyə çalışacağam".