Braziliya millisinin futbolçuları Sinqapurla keçirilən yoldaşlıq görüşündə parlaq oyun sərgiləyiblər.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın qəhrəmanlarından biri cəmi 21 dəqiqə ərzində het-trikə imza atan Vinisius Junior olub. Bununla da son iki matçda yığmanın heyətində 5 qol vuran ulduz futbolçu "Real Madrid"dəki qolsuzluq seriyasının əksinə olaraq millidə yüksək məhsuldarlıq nümayiş etdirib (o, cari mövsüm klubunda 12 oyunda cəmi 1 dəfə fərqlənib).
Görüşdə Braziliya seçməsinin gənc oyunçuları da məhsuldar çıxışları ilə diqqət çəkiblər:
"Real Madrid"in 20 yaşlı hücumçusu Endrik ilk hissədə həm özü fərqlənib, həm də Vinisiusa məhsuldar ötürmə verib. İkinci hissədə də bir qol vuran futbolçu son bir aydakı ilk qolunu (sonuncu dəfə Çempionlar Liqasında "Roma" ilə 4:3 bitən matçda fərqlənmişdi), milli komandada isə iyundan bəri ilk qolunu rəsmiləşdirib (26 oyunda 5-ci qol).
"Çelsi"nin 19 yaşlı forvardı Estevao ikinci yarıda bir qol vurmaqla yanaşı, həm Endrikə, həm də Vinisiusa assist edib. Klubunda bu mövsüm hələ məhsuldar göstəricisi olmayan gənc oyunçu millidə 16-cı matçında 7-ci qoluna imza atıb (sonuncu dəfə oktyabrın əvvəlində Hindistanla 4:0 hesablı oyunda fərqlənmişdi).
"Mançester Siti"nin 22 yaşlı cinah oyunçusu Alan Andrade yığmadakı debüt matçında "Bornmut"un 20 yaşlı hücumçusu Rayan Roşaya qol ötürməsi verib. Roşa da bu şansı dəyərləndirərək millidə 9-cu oyununda 3-cü qolunu vurub.


