“Şimal” FK-nın futbolçusu Niyazi Osmanov Azərbaycan U-21 millisinə ilk dəfə dəvət alıb.
Offsideplus.az xəbər verir ki, o, debüt etdiyi iki oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçu milliyə dəvət alması və debüt çıxışı barədə təəssüratlarını bölüşüb:
“İlk növbədə, hər kəsi salamlayıram. Milli komandaya ilk dəfə dəvət almaq məni həqiqətən çox sevindirdi. Buraya gəldikdən sonra özümü yaxşı tərəfdən göstərə bildim. İki oyunda 3 qol və 1 məhsuldar ötürmə mənim üçün yaxşı nəticədir. Bundan sonra daha da inkişaf etməli, öz üzərimdə daha çox çalışmalıyam. Məqsədim irəli getmək və daha yaxşı nəticələr əldə etməkdir. Buna görə çox xoşbəxtəm”.
Birinci Liqadan milli komandaya dəvət almağın digər futbolçular üçün də motivasiya olduğunu deyən Osmanov bu liqanın səviyyəsini müsbət qiymətləndirib:
“Bəli, əlbəttə. Bu, çox yaxşı haldır. Birinci Liqanın səviyyəsi də yaxşıdır. Belə bir liqadan milli komandaya dəvət almaq futbolçular üçün əlavə motivasiyadır”.
O, şəxsi hədəflərindən də danışıb:
“İnşallah, məqsədim Premyer Liqaya yüksəlmək və milli komandada qalmaqdır. Bunun üçün daha çox çalışmalı, öz üzərimdə işləməli və inkişaf etməliyəm. Qarşıma qoyduğum əsas hədəflər bunlardır”.


