"Hyuston Rokets"in baş məşqçisi İme Udoka komandasının "Mayami Hit"ə 110:128 hesabı ilə uduzduğu oyundan sonra hücumdakı zəif çıxışı və yetərincə sərt oynamadıqlarını tənqid edib.
Offsideplus.az xəbər verir ki, Udoka matçdan sonra bunları deyib: "Oyun başladığı andan rəqib daha aqressiv və sərt oynadı. Onlar oyunun tempini müəyyənləşdirdi, biz isə buna lazımi reaksiya verə bilmədik. Birinci hissədə cəmi 15 xal topladıq və hissəni 15:29 hesabı ilə uduzduq. Rəqib bizi səbətə yaxınlaşmağa qoymurdu, müdafiədəki dəyişiklikləri hücum ritmimizi pozurdu. Hər dəfə rəqib meydançaya daxil olanda bir neçə müdafiəçi ilə qarşılaşırdıq. Topu tez-tez itirirdik, tələsik şüt atırdıq və ya sadəcə topa nəzarət edə bilmirdik. Hücumda demək olar ki, heç nə alınmırdı. Müdafiədə isə pis oynamadığımızı düşünürəm. Oyunun əvvəlində hesab 12:3 bizim xeyrimizə idi, amma altı dəqiqə sonra birinci hissədə 29 xal buraxdıq ki, bunun da əsas səbəbi top itkiləri idi. Rəqibə haqq vermək lazımdır: onlar daha aqressiv və sərt oynadılar, biz isə xüsusilə birinci hissədə bunun öhdəsindən gələ bilmədik. Fiziki mübarizədə üstün idilər və ribaundlarda bizi üstələdilər. Onlar ikinci şansdan 17 və ya 25 xal qazandılar. Bu isə ya səylə, ya da bu gün oynadığımız sərtliklə bağlı çatışmazlıqdan xəbər verir."
Qeyd edək ki, "Rokets" oyunda ümumi şütlərin 41 faizini dəqiq yerinə yetirib, 36 üçlükdən 10-u hədəfə çatdırıb və 14 top itkisinə yol verib.


