"Mayami Hit"in baş məşqçisi Erik Spoelstra komandasının ardıcıl beşinci qələbəsini şərh edib. 

Offsideplus.az xəbər verir ki, Florida təmsilçisi doğma meydanda "Hyuston Rokets"i 128:110 hesabı ilə məğlub edərək uğurlu seriyasını davam etdirib.

Mütəxəssis komandasının hücumdakı sərbəst və həvəsli oyunundan məmnun qaldığını bildirib:

"Oyunçularımız hücumda böyük həvəslə çıxış edirlər və bunu izləmək mənə zövq verir. Mövqeli hücumlarımız mövsümün əvvəlindən bəri insanların gözlədiyindən daha yaxşı səviyyədədir. Kənardan bəzilərinə elə gələ bilərdi ki, bu komponentdə səmərəli deyilik. Lakin startdakı çətinliklərə baxmayaraq, mövsümün ilk günlərindən etibarən mövqeli hücumlarda kifayət qədər effektiv təsir bağışlayırıq".

Qeyd edək ki, mövsümə dörd ardıcıl məğlubiyyətlə başlayan "Mayami Hit" son on qarşılaşmanın səkkizində qələbə qazanıb. Komanda hazırda 8 qələbə və 6 məğlubiyyətlə Şərq konfransının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.