FİFA prezidentliyinə namizəd Ramon Vega hazırkı rəhbər Canni İnfantinonu və təşkilatın idarəçiliyini sərt şəkildə tənqid edib.

Offsideplus.az xəbər verir ki, keçmiş "Tottenhem" müdafiəçisi bildirib ki, FİFA artıq bir nəfərin şousuna çevrilib və bu, avtokratik idarəetmədir. Onun sözlərinə görə, prezident və baş katibin səlahiyyətləri dəqiq bölünməlidir, hazırda isə bütün qərarları bir şəxs verir. Vega qeyd edib ki, federasiya dəyişməli və idarəetmə demokratik olmalıdır: "İnsanlar artıq oyanmalı və başa düşməlidirlər ki, rəhbər orqanı tez bir zamanda islah etmək lazımdır. Mən bu barədə hələ 2015-ci ildə danışmışdım".

O, həmçinin FİFA-nın hesablarında təxminən 6 milyard dolların ehtiyatda saxlanmasını tənqid edib: "Bu pullar bütün assosiasiyalara məxsusdur və ölü kapital kimi qalmalı deyil. Xüsusilə kiçik federasiyalar üçün bu, ədalətsizdir. Onlara infrastruktur, stadionlar və kütləvi futbol üçün vəsait lazımdır. Ödənişlər daha tez və şəffaf şəkildə həyata keçirilməlidir, şərtlə yox. Belə olmamalıdır".