Futbolda klublara, oyunçulara və məşqçilərə tənqid yağdırmaq asandır. Amma bu dəfə güzgünü tribunalara tutmaq lazımdır.

Ölkənin ən böyük iki klubunun — çempionluq statusu ilə fəxr edən "Qarabağ"ın və liderliyi əldən vermək istəməyən "Neftçi"nin oyunlarına gələn azarkeş sayı təəssüf doğurur.

"Qarabağ" illərdir ölkənin ən uğurlu klubudur, Avropa meydanlarında Azərbaycanın adını uca tutub. Ancaq uğur qazanan komanda azarkeşin yalnız vacib qələbə günlərində stadiona gəlməsini normallaşdırmamalıdır. Ev oyununda rəqib qarşısında cəmi 1536 nəfərin olması göstərir ki, fanatlar çempionluğa o qədər alışblar ki, qələbəni artıq təbii bir hal sayırlar.

Keçək "Neftçi"yə. 3275 nəfər — liderlik uğrunda mübarizə aparan, zəngin tarixi azarkeş bazası olan klub üçün çox azdır. "Ağ-qaralar" illərlə "komanda lazımi səviyyədə deyil" deyə şikayət edirdilər. İndi komanda yaxşı formadadır, tribunalar isə yenə dolmur. Klub yalnız zirvədə olanda yox, azarkeş çətin illərdə də yanında yer alanda nə qədər böyük gücə sahib olduğunu hiss edir.