Misli Premyer Liqasının XI turu Zəfərin 6-cı ildönümü münasibətilə “Zəfər turu” adlandırılıb.

İlk oyun günündə "Qarabağ" "Turan Tovuz"u, "Neftçi" isə "Kəpəz"i qəbul edib.   

"Turan Tovuz" 3 xalı 1 qolla qazandı   

Günün əsas sürprizi "Azərsun Arena"da yaşanıb. Tovuz klubu səfərdə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 80-ci dəqiqədə Roderik Miller vurub. Oyun ərzində çoxsaylı qol epizodunun olduğunu demək olmaz. "Qarabağ"da yenilənmə prosesi gözləniləndən daha uzun müddət alır. Qurban Qurbanov da belə olacağını gözləmədiyini etiraf edib.   

"Turan Tovuz" isə ağır sınaqlar seriyasından — "Neftçi", "Sabah" və "Qarabağ"la oyunlardan 7 xalla ayrılaraq müvəqqəti də olsa 2-ci pilləyə yüksəlib. Komanda ikinci dövrədə sabitliyini qorusa və autsayderlərlə matçlarda xal itirməsə, çempionluq yarışında 4 komandanın olacağını əminliklə demək mümkündür.   

Ən qədim komandaların derbisi   

Futbolda turnir cədvəli nəticəni göstərsə də, oyunun xarakterini həmişə əks etdirmir. "Neftçi" – "Kəpəz" matçı məhz belə qarşılaşmalardandır. Lider qalib gəlsə də, Gəncə kollektivi meydandan başıuca ayrılıb.  

Əvvəla, "Kəpəz" Bakıya mövsümün ən çətin səfərlərindən birinə — liderlə görüşə gəlmişdi. Gəncə təmsilçisi oyunu 67-ci dəqiqəyə qədər tarazda saxlaya bilib. Liderin hücum xəttini bu qədər uzun müddət susdurmaq təsadüf deyil; yaxşı təşkil olunmuş müdafiənin və komanda intizamının göstəricisidir.  

İkincisi, oyunun xarakterini xatırlamaq lazımdır. Matçda hər iki komandadan yalnız bir futbolçu sarı vərəqə alıb: "Kəpəz"də Şakir Seyidov 20-ci dəqiqədə cəzalandırılıb. Bu o deməkdir ki, gəncəlilər rəqibi kobud müdaxilələrlə yox, nizamlı və təmiz oyunla dayandırmağa çalışıblar. Belə oyun tərzi komandanın emosiyalarını idarə edə bildiyini, yüksək peşəkarlıq və təcrübə nümayiş etdirdiyini göstərir."Neftçi" isə öz növbəsində vacib 3 xalı qazandı. Əsas olan nəticə idi və "ağ-qaralar" buna nail olaraq liderliyini qoruyub saxladılar.