"Kəpəz" futbol klubunda 8 Noyabr – Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.
Offsideplus.az xəbər verir ki, tədbirdə "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri Anar Abdullayev, İdarə Heyətinin üzvü Umud Tarverdiyev, eləcə də döyüşlərdə iştirak etmiş klubun U-13 komandasının baş məşqçisi Talıb Rzayev, azarkeşlərlə əlaqələndirici Nəimi Mustafayev və fanatlar iştirak ediblər.
Anar Abdullayev qazilərə göstərdikləri şücaətə görə minnətdarlığını bildirərək, 44 günlük müharibədə qazanılan tarixi qələbənin xalqımızın milli birliyinin təntənəsi olduğunu vurğulayıb.
Döyüş yolundan söz açan Talıb Rzayev və Nəimi Mustafayev isə göstərilən diqqətə görə klub rəhbərliyinə təşəkkürlərini çatdırıblar.
Görüşün sonunda İdarə Heyətinin sədri tərəfindən Vətən müharibəsi iştirakçılarına hədiyyələr təqdim olunub və xatirə fotosu çəkdirilib.


