Azərbaycan U-21 yığması ötən gün Çexiya U-21 seçməsi ilə heç-heçə edib - 1:1.

Millimizin hücumçusu Ağadadaş Salyanski görüşlə bağlı fikirlərini Offsideplus.az ilə bölüşüb:

– Oyun haqqında nə deyə bilərsən? 

– Çətin oyun oldu. Rəqibin gücünü bilirdik. Çox yaxşı hazırlaşmışdıq, komanda şəklində təhlillər aparmışdıq. Zəif və üstün cəhətlərini bilirdik. Hər şeyi düzgün edib xal qazana bildik. İnşallah ki, qarşıdakı iki oyunda da xal və ya xallar qazanmaq istəyirik.

– “Araz-Naxçıvan”da qollarını sıralayırsan. Bu mövsüm nə dəyişdi?

– “Neftçi”də az şans qazanırdım deyə “Araz-Naxçıvan”a icarə əsasında keçdim. Məncə, mövsümə pis başlamamışam. Çox istəyirəm ki, bunun ardını gətirim. Amma qələbəmiz də yoxdur. Bizə yeni məşqçi gəlib. Komanda məşqlərini davam etdirir. Milli fasilədən qayıdandan sonra “Kəpəz”lə oyunda ilk qələbəmizi qazanmaq istəyirik. Hədəfimiz yuxarı pillələrdir.

– Xarici klublardan təklif gəlmişdi?

– Xeyr.