"Real Madrid"in sabiq futbolçusu Eden Azar Madrid klubunda Kriştianu Ronaldunun xələfi kimi göstərilməsinin onun üzərində təzyiq yaradıb-yaratmaması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, belçikalı ulduz "kral klubu"ndakı nömrə seçimi və portuqaliyalı qol silahı ilə müqayisəsi barədə bunları deyib:
"Mən 7 nömrəni götürmək istəmirdim. Luka Modriçin 10 nömrəsini istəyirdim. Ondan bunu xahiş etdim və düşündüm ki, "yaxşı, götür" deyəcək, amma o, nömrəsini mənə vermədi (gülür).
"Real"da Kriştianunu əvəzləməli olduğuma görə üzərimdə heç bir təzyiq hiss etmirdim, çünki mənim fikrimcə, mən bura onun yerini doldurmaq üçün gəlməmişdim. Ronaldunu əvəzləməli olduğumu media uydurmuşdu. Məncə, mənim oyun üslubum ondan tamamilə fərqli idi. Mən ildə 60 və ya 70 qol vura bilməzdim. Düzünü desəm, mən karyeram boyu çətinliklə bu qədər qol vurmuşam. Ona görə də oyun tərzim tamamilə başqa idi.
Mən bura Kriştianunu əvəzləməyə yox, Eden kimi oynamağa gəlmişdim. Amma tez-tez olduğu kimi, bu dəfə də işlər istədiyim kimi getmədi".


