Avrokuboklara vəsiqə qazanmağa çalışan "Bornmut", sonuncu dəfə mayın 9-da "Fulhem"ə qarşı oynadığı üçün növbəti matça kifayət qədər dincəlmiş halda çıxacaq.
Offsideplus.az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola rəqibin bu üstünlüyünə diqqət çəkib:
"Hazırlaşmaq üçün 10 gün vaxtları olub və Çempionlar Liqası yerləri uğrunda mübarizə aparırlar. Buna görə də meydana özlərinin ən yaxşı versiyasında çıxmaq üçün ciddi əsasları var".
Təzyiqə baxmayaraq komandasının hədəfinə fokuslandığını bildirən mütəxəssis sözlərinə belə davam edib: "Nə etməli olduğumuzu bilərək, bu oyuna ən yaxşı şəkildə hazırlaşacağıq. Burada qəliz heç nə yoxdur – qalib gəlməli və çempionluq ümidlərimizi "Aston Villa" ilə keçiriləcək sonuncu matça daşımalıyıq".
Qeyd edək ki, "Siti"nin titul yolundakı əsas rəqibi "Arsenal" ötən gecə "Börnli"ni məğlub edib - 1:0.
"Bornmut" - "Mançester Siti" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.


