UFC-nin yüngül çəkidə çempionu İslam Maxaçev Usman Nurmaqomedov, Umar Nurmaqomedov və Merab Dvalişvili arasında baş verən insidentə yenidən münasibət bildirib. O, hadisənin həddindən artıq şişirdildiyini deyib və əlavə edib ki, bəlkə də Birləşmiş Ərəb Əmirliklərində belə qarşıdurmalar baş vermir, lakin Dağıstanda bu cür hadisələr gündəlik baş verir.
Offsideplus.az xəbər verir ki, Maxaçev insidentin köklərinə toxunaraq bildirib: "Çoxları bu münaqişənin başlanğıcını bilmir. Gürcüstanda Merab özünü layiqincə aparmadı, anası olmayan bir şəxsin anasını təhqir etdi. Bu, müqəddəsdir. Mən düşünmürəm ki, bizim uşaqlar nəsə səhv edib. İnsan dediyi sözə cavab verməlidir. Əgər kiminsə heysiyyatına toxunulursa, fərq etməz birə-bir, ya da iki nəfərə qarşı bir nəfər – bu, nəticəni dəyişmir. Əgər kimsə birini çağırıb, birə-bir döyüşürsə, bu başa düşüləndir. Gürcüstanda nə baş verdi? O, onu vurdu və davam etməyə imkan vermədilər. Orada çoxlu gürcü var idi, qarşısını aldılar. O vaxtdan bəri onun içində inciklik qalıb, görüşə bilmirdi. Kim gördüsə, ondan soruşdu".
Qeyd edək ki, Usman və Merab Dvalişvili arasında dava 11 noyabrda "Hilton" otelində baş verib. Hadisədən sonra polis 10 nəfəri saxlayıb, onlardan 8-i həbs cəzası alıb. 17 noyabrda bütün iştirakçılar azadlığa buraxılıb. Ötən yay Gürcüstanda Dvalişvili və Əhməd Hacıməhmədov arasında da qarşıdurma yaşanıb. 10 iyun tarixində RAF turnirindən əvvəl Hacıməhmədov Meraba yaxınlaşaraq, onun Umar haqqında neqativ fikirlərinə görə izahat istəyib. Dvalişvili isə cavab olaraq Hacıməhmədovu vurub. Maxaçev bu barədə belə deyib: "Niyə susurdunuz, Merab heç bir səbəb olmadan dağıstanlı güləşçini vurub heysiyyatına toxunanda?"


