Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz” doğma meydanda “Qarabağ”la qolsuz heç-heçə edib – 0:0.

Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov oyunla bağlı fikirlərini bölüşüb.

O, komandasının çıxışından razı qaldığını bildirib:

“Bilirdik ki, elə bir komandaya qarşı oynayırıq ki, Azərbaycan futboluna böyük töhfə verib. Bizim üçün çox çətin oyun oldu. Komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. İlk hissədəki epizodları dəyərləndirə bilsəydik, qələbə də qazana bilərdik. Ədalətli nəticə heç-heçə idi. Azarkeşlərin dəstəyini hiss etdik. Ən yaxşı oyunlarımızdan birini oynadıq”.

Taktiki dəyişiklikdən danışan mütəxəssis “Qarabağ”ın cinahlardakı gücünə diqqət çəkib:

“Qarabağ”ın əsas gücü cinahlarıdır. “Qəbələ” və “Turan Tovuz”la oyunlarını təhlil etmişdik. Dördlü müdafiəni daha rahat yarırlar deyə beşli müdafiə sisteminə keçdik”.

Azər Məmmədov qapıda qol görməmələrindən və komandanın heyətindəki çatışmazlıqlardan da danışıb:

“Sevinirəm ki, qol buraxmadıq. Az qol buraxırıq, əks-hücumlarda oynayırıq. İkinci yarıda da qol epizodumuz oldu. Güclü ehtiyat qüvvəmiz yoxdur. 7-8 oyunçumuz hər oyunda meydana çıxır. Futbolçuların bərpası üçün çalışırıq”.

Baş məşqçi dekabrın 22-dək komandanı altı oyunun gözlədiyini və qarşılaşmaların çətin keçəcəyini vurğulayıb:

“Oynamağa məcburuq. Önəmli olan bərpa prosesləridir”.