Misli Premyer Liqasının 12-ci turunda “Qarabağ” səfərdə “Kəpəz”lə qolsuz heç-heçə edib – 0:0.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:
“Atmosferə görə “Kəpəz”in rəhbərliyinə və azarkeşlərinə təşəkkür edirəm. Sanki Avropada idik. Futbol üçün hər şey var idi. Oyunçularıma təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram. Bu futboldur. Məğlub olmaq istəmirdilər. “Kəpəz” istəyinə görə uduzmadı. Geriyə addım yoxdur. Pozitiv notlarla hazırlaşmalıyıq.
Sevindirici haldır ki, bizə qarşı istək və sistem fərqli olur. Bu, “Qarabağ”a olan marağı göstərir. İnanıram ki, qarşıdakı oyunlarda komandamız daha yaxşı olacaq”.
İlk hissədə komandanın ikinci yarıdakı kimi çıxış edə bilməməsinin səbəblərindən danışan Qurban Qurbanov rəqibin oyununu xüsusi qeyd edib:
“Rəqibi nəzərə almaq lazımdır. İlk hissədə hər rəqib daha istəkli olur. Əks-hücumlarda ağıllı oynayırdılar. İkinci yarıda rəqibi öz zonasında saxlaya bildik. Oyunumuz alınmırsa, bu, rəqibin bacarığıdır”.
Baş məşqçi Lanqa və Sefasın ehtiyatda qalmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, futbolçular milli komandadan qayıtdıqdan sonra cəmi bir məşqdə iştirak ediblər.
Qurbanov ardıcıl beş oyunda qələbə qazana bilməmələrinin narahatlıq doğurduğunu da bildirib:
“Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir. Qarşıda başqa xal itkiləri də ola bilər. Bu, məni narahat edir”.
Mütəxəssis Bəhlul Mustafazadənin meydana qayıtması barədə də danışıb. O bildirib ki, futbolçu səkkiz ay zədəli olub, əvəzedici komandanın heyətində də çıxış edib və özünü yaxşı hiss etdiyini deyib. Qurbanov onunla bağlı problem yaranmayacağına ümid etdiyini vurğulayıb.
Azərbaycan millisinin Millətlər Liqasının D Liqasında lider olmasına münasibət bildirən baş məşqçi isə bu uğurun əhəmiyyətini qeyd edib:
“Birinci yer birinci yerdir. Bu, hər futbolçuya və məşqçiyə nəsib olmur. Bu uğuru dəyərləndirmək lazımdır”.


