Gəncə futbolunun əfsanəsi Mehman Allahverdiyev "Kəpəz" klubunun qonağı olub.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisinin heyətində 3 dəfə Azərbaycan çempionu olan və 4 dəfə ölkə kubokunu qazanan veteran futbolçunu "Kəpəz" PFK İB-nin İdarə Heyətinin sədri Anar Abdullayev qəbul edib.

Görüş zamanı klub rəhbəri komandada hazırda görülən işlər və gələcək planlar barədə qonağa ətraflı məlumat verib. Veteran futbolçulara daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayan Abdullayev vaxtilə "sarı-göylər"in şərəfini qorumuş oyunçuların hər zaman "Kəpəz"in ev oyunlarına dəvət olunduğunu bildirib.

Öz növbəsində Mehman Allahverdiyev səmimi qəbula görə təşəkkürünü çatdırıb. Xatirələrini bölüşən veteran futbolçu komandanın hazırkı çıxışını diqqətlə izlədiyini deyərək "Kəpəz"ə uğurlar arzulayıb.

Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.