NBA-nın sabiq ulduzu Karmelo Entoni "Denver Naqqets" klubunu vaxtilə geyindiyi 15 nömrəli formanı Nikola Yokiçə verməklə onun klubdakı uğurlarını unutdurmağa çalışmaqda ittiham edib.
Offsideplus.az xəbər verir ki, veteran basketbolçu şəxsi podkastında keçmiş komandasının rəhbərliyinin ona qarşı hörmətsizlik etdiyini bildirib:
"Denver"də 15 nömrəli formanı yenidən meydanda görəndə təəccübləndim və başa düşdüm ki, onlar əvvəlki nailiyyətləri silmək istəyirlər. Bütün dünyaya məni heçə saydıqlarını göstərdilər. Mən heç vaxt klub haqqında pis söz deməmişəm, amma azarkeşlər məni fitə basırdılar. 40 və ya 50 xal toplasam da, münasibət dəyişmirdi. Qəzetlərdə yazılanlara inanaraq məni nazlı basketbolçu kimi qəbul edirdiniz. Bu vəziyyətə Yokiçi də qatdınız, halbuki o, nə baş verdiyini heç anlamır. Bəlkə də o, bu nömrəni mənə hörmət əlaməti olaraq seçib. Amma klub rəhbərliyi bunu mənim xatirəmi unutdurmaq və yeni nəslin 15 nömrəni görəndə yalnız Yokiçi xatırlaması üçün edib".
Qeyd edək ki, Karmelo Entoni 2003–2011-ci illərdə "Denver Naqqets"in şərəfini qoruyub. O, bu müddətdə dörd dəfə NBA "All-Star" oyununa seçilib və 2009-cu ildə komandanı Qərb Konfransının finalına çıxarıb.


