"Sabah" BK baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib.
Offsideplus.az xəbər verir ki, Paytaxt təmsilçisi serbiyalı mütəxəssis Lazar Spasiçlə 3 illik müqavilə imzalayıb.
1992-ci il təvəllüdlü çalışdırıcı məşqçilik fəaliyyətinə 2013-cü ildə Serbiyanın "Mladost Zemun" klubunda köməkçi kimi start verib. 2016-cı ildən etibarən müstəqil olaraq baş məşqçi kimi çalışan Spasiç ölkəsində "Rtanj", "Zdravlje Leskovac" və "Vrşats" komandalarını idarə edib.
Gənc mütəxəssis 2024/2025 mövsümündə "Vrşats" ilə Serbiya Basketbol Liqasının qızıl medallarını qazanaraq klub tarixinə keçib. İntizamlı taktiki sxemləri və gənc oyunçularla işləmək bacarığı ilə tanınan serbiyalı strateq, son olaraq Almaniya Bundesliqası təmsilçisi "EWE Baskets Oldenburg" klubuna rəhbərlik edib.
Yeni baş məşqçinin "Sabah"dakı köməkçiləri də bəllidir. Onun rəhbərlik edəcəyi korpusda Anatoliy Boisa və Saşa Miliçeviç assistent, Vlade Draskoviç isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək.


