İspaniyanın Ali İdman Şurası La Liqanın prezidenti Xavyer Tebasın "Real Madrid" klubunun televiziya kanalına ünvanladığı açıqlamaya görə idman məhkəməsinə müraciət edib.
Offsideplus.az xəbər verir ki, Tebas 16 oktyabr tarixində sosial şəbəkədə paylaşımında "Real Madrid"in klub televiziyasının kommunikasiya üsullarını nasist Almaniyasının təbliğat naziri Gebbelsin metodları ilə müqayisə edib. O, klubun daim özünü qurban kimi göstərdiyini bildirib.
"Real Madrid" Tebasın istefasını tələb etsə də, o, üzr istəməyib. Bu gün Ali İdman Şurası Tebasın açıqlamaları ilə bağlı İdman Administrativ Məhkəməsinə (TAD) rəsmi şikayət göndərib.
Şuranın bəyanatında vurğulanır ki, Tebasın açıqlamasında idman ləyaqətinə və əxlaq normalarına zidd hərəkət əlamətləri olub-olmadığının araşdırılması xahiş edilib. Qurum hesab edir ki, idmanda qarşılıqlı hörmət və ədalətli oyun prinsipləri qorunmalıdır.


