U-16 milli komandamızın baş məşqçisi Famil Xəlilov FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi mediaya açıqlama verib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis Hövsan Yarış Kompleksində keçirilən brifinqdə hazırlıq prosesi, rəqiblər və hədəflər barədə danışıb:
“Hazırlığımız plan üzrə gedir. Artıq son mərhələyə yaxınlaşmışıq. Oyunçuları matçlara qədər hazır vəziyyətə gətirəcəyik.
Yeni format olduğu üçün rəqiblər barədə çox az məlumatımız var. Əsas məqsədimiz öz oyunumuzdan kənara çıxmamaqdır.
Ev sahibi olaraq hədəfimiz Azərbaycanı layiqli təmsil etmək və futbolçularımızın inkişafına töhfə verməkdir. Kifayət qədər yaxşı çıxış edərək, maksimum mübarizə aparıb ən yaxşı nəticəni göstərməyi hədəfləyirik.
Təbii ki, Bakıda oynamağımız bizim üçün motivasiyadır. Eyni zamanda, futbolçulara bunun həm də böyük məsuliyyət olduğunu izah etməyə çalışmışıq”.


