"Turan Tovuz" Misli Premyer Liqasının XXXIII turunda "Sabah"la baş tutacaq qarşılaşmanın məkanının dəyişdirilməsinə aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, qərb təmsilçisinin yaydığı bəyanatda bu addımın komandanın avrokuboklara həm idman, həm də infrastruktur cəhətdən tam hazır olması üçün atıldığı bildirilib.
Tovuz şəhər stadionunda həyata keçirilən təmir-bərpa prosesinin sürətlənməsi və ləngiməməsi məqsədilə klub rəhbərliyi Peşəkar Futbol Liqasına rəsmi müraciət ünvanlayıb. Razılığa əsasən, sözügedən oyun "Bank Respublika Arena"da təşkil olunacaq.
Klubdan verilən məlumata görə, stadionun qitəmiqyaslı turnirlərin tələblərinə cavab verməsi üçün işlər hazırda gücləndirilmiş rejimdə aparılır.
"Turan Tovuz"un ən böyük hədəfi isə avrokubok oyunlarında rəqiblərini məhz doğma meydanda, öz azarkeşləri önündə qəbul etməkdir.


