UFC-nin rəhbəri Deyna Uayt ABŞ-nin paytaxtında planlaşdırılan tarixi "Ağ Ev" şousu öncəsi maraqlı və gözlənilməz bir problemlə qarşı-qarşıya qaldığını etiraf edib.
Offsideplus.az xəbər verir ki, "Ağ Ev"in bağçasında (Rose Garden) keçirilməsi nəzərdə tutulan turnir üçün Uaytı ən çox qorxudan məqam rəqiblər deyil, uçan həşəratlar və milçəklərdir.
ABŞ Prezidenti Donald Trampın dəvəti ilə iki gün əvvəl "Ağ Ev"in bağçasında şam yeməyində olan UFC rəhbəri, açıq havadakı həşərat çoxluğunun döyüş gecəsinə ciddi zərbə vura biləcəyini vurğulayıb.
Deyna Uayt turnir zamanı arenadakı güclü işıqlandırma və istiliyin minlərlə həşəratı özünə cəlb edəcəyini və bunun döyüşçülərin sağlamlığı üçün təhlükə yaradacağını bildirib:
"Ağ Evdə məni ən çox düşündürən məsələ həşəratlardır. Prezident Tramp məni iki gecə əvvəl "Rose Garden"da şam yeməyinə dəvət etdi və orada ətrafda uçuşan kiçik milçəklərin, ağcaqanadların həddi-hüdudu yox idi. Bir anlıq döyüşçü olduğunuzu təsəvvür edin; o nəhəng işıqlandırma sistemini, quracağımız qəfəsi və o qədər enerjinin yayacağı istiliyi düşünün. Güvələr, milçəklər və kim bilir daha nələr qəfəsə axışacaq. İdmançılar bir tərəfdən rəqiblə, digər tərəfdən bunlarla mübarizə aparmalı olacaqlar. Döyüş zamanı idmançıların ağzına, burnuna milçəklərin girdiyini gözünüzün önünə gətirin. Məhz bu səbəbdən açıq havada şou təşkil etməkdən nifrət edirəm."
UFC rəhbərliyi bu unikal problemin qarşısını almaq üçün indidən texniki yaradıcılıq axtarışına başlayıb. Uayt mövzu ilə bağlı prodüserinə xüsusi tapşırıq verdiyini qeyd edib:
"Prodüserim Kreyqə dedim ki, bəlkə də qəfəsin ətrafına nəhəng vantilatorlar (pərlər) yerləşdirməliyik. Çünki milçəklər və gənələr küləkli havada uça bilmirlər, çətinlik çəkirlər."
Uayt bildirib ki, kənardan kiçik görünsə də, bu növ detallar döyüşün gedişatına və idmançıların konsentrasiyasına birbaşa təsir edən amillərdir.


