Braziliya milli komandasının baş məşqçisi Karlo Ançelotti veteran müdafiəçi Tiaqo Silvanı qarşıdan gələn Dünya Çempionatının heyətinə daxil etmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis təcrübəli futbolçunun yaşının onun üçün heç bir maneə yaratmadığını bəyan edib.
Mövzu ilə bağlı açıqlama verən Ançelotti futbolçunun keyfiyyətinə güvəndiyini vurğulayıb:
“Mən heç vaxt oyunçuların pasportuna baxmıram. Bütün braziliyalı futbolçuların Dünya Çempionatına getmək şansı var. Onun 41 yaşının olması heç nəyi dəyişmir. Əgər layiqdirsə, heyətdə olacaq”.
Tiaqo Silvanın nə dərəcədə uzunömürlü və inanılmaz bir karyeraya sahib olduğunu göstərmək üçün kiçik bir tarixi faktı xatırlamaq kifayətdir. Karlo Ançelotti illər öncə “Milan” klubunun sükanı arxasında olarkən, Tiaqo Silvanı futbol tarixinin əfsanəvi adı Paolo Maldini ilə birlikdə eyni müdafiə xəttində oynatmışdı.
Hazırda “Portu” klubunun formasını geyinən və nümayiş etdirdiyi oyunla gənclərə meydan oxuyan ulduz müdafiəçi Ançelottinin bu qərarı sayəsində karyerasında növbəti dəfə planetin ən nüfuzlu futbol turnirində ölkəsini təmsil etmək şansı qazanacaq.


