İtaliya mətbuatının yaydığı son məlumatlara görə, A Seriyasında məşqçi karuseli hər kəsi təəccübləndirəcək bir nöqtəyə gəlib.

Offsideplus.az xəbər verir ki, “Napoli”dən ayrılmağa hazırlaşan Antonio Kontenin yenidən “Yuventus”un sükanı arxasına keçə biləcəyi iddia edilir.

​Klubların daxilində yaşanan son yeniliklər:

  • ​Kontenin “Napoli”dən ayrılması an məsələsidir: Təcrübəli mütəxəssis rəhbərlikdən transfer zəmanəti istəsə də, tərəflər arasında yaranan fikir ayrılıqları ayrılığı qaçılmaz edir. İddialara görə, Konte artıq Neapol təmsilçisi ilə yolları ayırmağı qəti olaraq qərara alıb.
  • ​Spallettinin gələcəyi təhlükədədir: “Yuventus”un Çempionlar Liqasına vəsiqə qazanmaq şansını çətinə salması baş məşqçi Luçano Spallettinin mövqeyini sarsıdıb. Təsadüfi deyil ki, italyan mütəxəssis son açıqlamasında özünü mühakimə edəcəyini və rəhbərliklə görüşəcəyini bildirib.

​Bu həftə Luçano Spalletti ilə klubun rəhbəri Con Elkann arasında baş tutacaq kritik görüş Turin klubunun gələcək planlarını müəyyənləşdirəcək. Əgər Spalletti ilə yollar ayrılarsa, masadakı ilk və ən güclü namizəd məhz Antonio Konte olacaq.

​Cəmi bir neçə gün əvvəl qeyri-real görünən bu geri dönüş ideyası artıq İtaliya idman mətbuatının əsas gündəm maddəsinə çevrilib. Əgər bu ssenari gerçəkləşərsə, Kontenin 2011-2014-cü illərdəki uğurlu Turin dövründən sonra “Yuventus”da ikinci epoxası başlayacaq.