Olimpiya çempionu Gable Steveson bu həftə UFC 331 turnirinin əsas kartına yüksəldiyini öyrənib. Lakin bu dəyişiklik onun Şon Şarafla qarşıdakı döyüşünə yanaşmasına təsir etməyib.
Offsideplus.az xəbər verir ki, Steveson mətbuat konfransında hər bir rəqibə eyni ciddiyyətlə yanaşdığını bildirib: "Mən hər döyüşçünü eyni qəbul edirəm, fərqi yoxdur, ən yaxşıdır, ya ən zəif. Məqsədim qəfəsə çıxıb üstünlük göstərmək və qalib gəlməkdir. Zarafat etmək, kimisə təhqir etmək və ya kobudluq göstərmək üçün burada deyiləm. Sadəcə qələbə qazanıb evimə qayıtmaq istəyirəm".
Steveson bu sözləri Şarafın ona ünvanladığı təhqiramiz ifadələrə cavab olaraq deyib. Şaraf Stevesonu ağır ittihamlarla günahlandırıb və UFC-ni onu üstün tutmaqda suçlayıb. Steveson isə bildirib ki, belə mövzuları gündəmə gətirənlər qorxaqlıq nümayiş etdirir və Şarafın şənbə günü "qurbanlıq quzu" olacağını vurğulayıb: "Dünyaya bir daha göstərəcəyik ki, Gable Steveson daim inkişaf edir və ən yaxşı olmağa çalışır".
Şaraf Stevesondan təsirlənmədiyini desə də, Steveson rəqibinin güclü zərbələrə malik olduğunu qeyd edib və onu regional səviyyədə yaxşı döyüşçü adlandırıb. Lakin əlavə edib ki, Şaraf üçün UFC-də döyüşmək böyük hadisədir, özü üçün isə əsas məqsəd qələbə və titul qazanmaqdır. Steveson bu qarşılaşmanı Mayk Taysonun qayıdış döyüşündə Piter MakNili ilə görüşünə bənzədib və bildirib ki, Şaraf bu döyüşdən sonra adi vətəndaş həyatı yaşayacaq.
Steveson hazırda UFC-nin əfsanəsi Con Cons ilə birlikdə çalışır. O, Consun Stipe Mioçiçə qarşı hazırlıqları zamanı onunla məşq etdiyini və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirib: "Con mənim qardaşımdır. Biz bir-birimizi dəstəkləyirik və hər şeyin qaydasında olmasına çalışırıq".


