Aleksander Şekuliç bu mövsüm "Barselona"nın baş məşqçisi kimi ilk dəfə iş başındadır və qarşısında demək olar ki, sıfırdan yeni komanda qurmaq kimi böyük bir vəzifə dayanır.

Offsideplus.az xəbər verir ki, sloveniya mütəxəssisi artıq Kataloniya Liqasındakı qələbədən sonra nikbinlik üçün əsaslar tapıb. On bir yeni transfer və yalnız dörd ötən mövsümdən qalan oyunçu ilə "Barselona"nın heyətində ciddi dəyişikliklər baş verib. Şekuliç bildirib ki, bu oyunları mövsümöncəsi hazırlıq kimi dəyərləndiriblər və komanda hər qarşılaşmada daha yaxşı çıxış edib, ideyalarını meydanda tətbiq etməyə başlayıb. O, kollektiv ruhun yüksək olduğunu və qısa müddətdə bir çox çətinliyin öhdəsindən gəldiklərini vurğulayıb.

Yeni heyətlə komanda kimliyinin formalaşdırılmasının asan olmadığını deyən Şekuliç qeyd edib ki, əsas iş transfer dövründə görülməlidir. Klubun bütün əməkdaşlarının, xüsusilə də Xevi Puçolun dəstəyi ilə bu prosesi daha rahat keçdiklərini bildirib. Baş məşqçi bu mövsüm "Barselona"nın həm hücumda, həm də müdafiədə yüksək temp və aqressivlik nümayiş etdirəcəyini, bunun komandanın əsas imzası olacağını vurğulayıb.

Şekuliç həmçinin klub və milli komanda səviyyəsində baş məşqçi olmağın fərqlərindən danışıb. Onun sözlərinə görə, oyunların idarə olunmasında böyük fərq olmasa da, klubda uzun mövsüm ərzində eyni oyunçularla işləmək və komanda daxilində münasibətləri düzgün qurmaq əsas şərtdir. O, milli komandada isə qısa müddətdə hazırlıq aparıldığını və dəyişikliklər üçün vaxt olmadığını qeyd edib.

Sloveniya millisindəki gələcəyi ilə bağlı yayılan şayiələrə toxunan Şekuliç, bu barədə qərarını yaxın vaxtlarda açıqlayacağını bildirib.