Sabah Misli Premyer Liqasında 6-cı tur start götürür.
İlk oyun Qəbələdə olacaq. Rayonun eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Görüş bir neçə gün əvvəl “ağ-qaralar”dan yetirməsi olduğu komandaya qayıdan Elvin Camalova görə əlamətdar olacaq. “Qəbələ”ni bu oyuna da Asif Məmmədovla Amil Ağacanov çıxaracaq. Çünki Yeton Bekiri ayın 20-dən etibarən işinin başına keçəcək.
Günün növbəti oyununda “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Çempion olmaq niyyətində olan “kəhər atlar” elitada qalmaq uğrunda mübarizə aparan debütantı sınağa çəkəcək. Bu görüşdə də uzun müddət “Qarabağ”ın şərəfini qorumuş Əfran İsmayılov keçmiş komandasına rəqib olacaq - vitse-prezident kimi.
Mərkəzi qarşılaşma Qərbdə olacaq. “Turan Tovuz” “Zirə”ni qəbul edəcək. Başının üzərindən “qara buludlar” əskik olmayan tovuzlular yaxşı formada olan “Zirə” ilə qarşılaşacaq. Həm ad, həm də komandaların səviyyəsinə görə turun aşkar mərkəzi qarşılaşması bu görüşdür.
İkinci oyun günündə son çempion “Sabah” “İmişli”ni qəbul edəcək. Fərid Namazovun kollektivi üçün növbəti ağır sınaq. Çempionlar Liqasında mübarizə aparan “bayquşlar” rotasiyalı heyətlə meydana çıxsa da, yenə də qarşısıalınmaz görünür. Valdas Dambrauskasın kollektivi ən mötəbər klub turnirində mübarizə aparsa da, çempionatda da ən yaxşı olmaq fikrindən daşınmır.
Afişa olaraq ən az maraq doğuran matç Şamaxıda keçiriləcək. Eyniadlı komanda “Araz-Naxçıvan”ı qəbul edəcək. Büdcə baxımından “Araz” rəqibindən xeyli öndə olsa da, hazırki duruma görə Azər Bağırovun kollektivini görüşün favoriti hesab etmək olar.
Tura son bir ayda yaxşı mənada dillərdən düşməyən, Gəncə Şəhər Stadionunda yekun vurulacaq. “Kəpəz” “Sumqayıt”ı sınağa çəkəcək. Olduqca maraqlı görüş olacağını demək olar. Artıq 4 mindən çox bilet satışı həyata keçirilib. Bu qarşılaşmada da anşlaq olacağına şübhə yoxdur.


