DÇ-2028-in əsas mərhələsi çərçivəsində Azərbaycan futzal millisi Çexiya ilə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında millinin baş məşqçi əvəzi Elvin Quliyev oyunu dəyərləndirib.
O, ilk hissədə qurulan planın işə yaradığını, lakin fasilədən sonra texniki səhvlərə yol verdiklərini bildirib: “Çox sağ olun ki, gəlmisiniz. Oyunun əvvəlində qurduğumuz plan işlədi, qol vurduq. İkinci yarıda həmişə ilk 4-5 dəqiqə çətin olur. Texniki səhvlərimiz oldu. Oyunu təzyiq altında saxlamaq istəyirdik”.
İkinci hissənin əvvəlində buraxılan ardıcıl iki qola da toxunan mütəxəssis bunun təcrübəsizlikdən qaynaqlandığını vurğulayıb: “Təcrübəsizlikdəndir. Praktika artdıqca öyrəşəcəyik. Verilmiş tapşırığı yerinə yetirə bilmədik. Topu qapımızdan uzaqda saxlamağı bacarmalı idik”.
Elvin Quliyev gənc futbolçulara şans verməyin vacibliyini də qeyd edib: “İnkişaf etmək istəyirik. Gənclərə vaxt vermək istəyirik. Başqa cür olmayacaq. Belə səhvlər edərək böyüyürlər”.
Baş məşqçi əvəzi Latviya ilə qarşıdakı oyun barədə də danışıb: “Latviya ilə oyunda başqa taktikamız olacaq. Səhvlərimiz var, amma qısa müddətdə yığılmış komandayıq. Müasir məşq proqramlarını tətbiq etmişik”.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu noyabrın 8-də Latviya yığmasına qarşı keçirəcək.


