Belçika futbolunun əfsanəvi adlarından olan Eden Azar “Real Madrid” klubuna transfer olunduğu dövrlə bağlı maraqlı və yumoristik bir etiraf edib.
Offsideplus.az xəbər verir ki, ulduz futbolçu Madrid təmsilçisində geyindiyi forma nömrəsi haqqında danışarkən bu sözləri qeyd edib:
“Real Madrid”ə gələndə Kriştianu Ronaldonun 7 nömrəli formasını götürmək istəmirdim. Luka Modriçin 10 nömrəni mənə təklif etməsini gözlədim, amma o, bunu etmədi (gülərək)”.
Xatırladaq ki, “Çelsi” klubunda uzun illər 10 nömrəli forma ilə möcüzələr yaradan Azar 2019-cu ildə böyük ümidlərlə “Real Madrid”ə transfer olunmuş və burada əfsanəvi 7 nömrəni geyinməli olmuşdu. Lakin zədələr səbəbindən İspaniyada gözlənilən performansı nümayiş etdirə bilməyən belçikalı yarımmüdafiəçi daha sonra peşəkar futbolçu karyerasını vaxtından əvvəl bitirmək qərarı almışdı.


