Portuqaliya milli komandasının yeni baş məşqçisi təyin olunan Xorxe Jezus rəsmi açıqlama verərək dünya ulduzu Kriştiano Ronaldo barəsində diqqətçəkən fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis son olaraq Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda birlikdə çalışdığı hücumçunun komandadakı gələcək roluna aydınlıq gətirib.

​Milli komandanın sükanı arxasına keçən Jezus, 41 yaşlı ulduz futbolçunun ölkə futbolu üçün əvəzedilməz bir simvol olduğunu vurğulayıb:

"Kriştiano Ronaldo heç vaxt milli komanda və ya mənim üçün problem olmayacaq... O, Portuqaliya futbolunun, millinin və bütövlükdə Portuqaliyanın simvoludur. Bu, tarixə əbədi olaraq həkk olunacaq. Son bir ildə ("Əl-Nəsr"də) onunla işləməkdən böyük zövq aldım. Hər ikimizin hara qədər yüksələ biləcəyini anladığınız müddətcə, onunla çalışmaq olduqca asandır."

​71 yaşlı baş məşqçi, həmçinin Ronaldunun karyerasını harada bitirmək istədiyini və onun yığmadakı taleyinin nədən asılı olacağını da gizlətməyib:

"Bundan sonrakı addımlar asan olacaq, lakin hər şey mənim nə etmək istədiyimdən asılıdır. Onun "Əl-Nəsr"də davam etmək istədiyini bilirəm. Mənə karyerasını məhz orada bitirmək istədiyini artıq deyib. Lakin komandaya seçilmək üçün lazımi şərtləri yerinə yetirdiyi müddətcə, mən milli komanda üçün ən yaxşı olduğunu düşündüyüm addımları atacam."