"Qarabağ" ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsində İslandiya təmsilçisi “Vestri”ni 3:0 hesabı ilə məğlub etdi.
Matçdan sonra klubun prezidenti Tahir Gözəlin açıqlaması maraq doğurub. Təcrübəli funksioner “bu il “Qarabağ” tarixinin ən güclüsüdür” ifadəsini səsləndirdi.
Bu fikir haqda AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov fikirlərini Offsideplus.az-la bölüşüb:
“Tahir Gözəl həmişə komandasına, məşqçilərinə inanır. Yenidənqurmanın vaxtı çatmışdı. Qurban Qurbanov da bu addımı atdı. Bir oyunla nəticə çıxarmaq çətindir. Amma rəhbərlikdən texniki işçiyə qədər inamları böyükdür. Bu sevinci, uğuru bizə bəxş edirlər. İldən-ilə daha yaxşısını yaşadırlar. Səbrə, zamana ehtiyac var. Atılan addımlar yekun nəticəyə gətirə bilər. Fərd olaraq danışmaq istəmirəm. Rəqib də o rəqib deyil. Zaman keçdikcə, çempionat başlayandan sonra keyfiyyət bilinəcək. Tək Avropada yox, çempionatda da böyük maraq olacaq. “Neftçi” də əzəmətini qaytarıb. “Sabah” da, “Zirə” də, “Turan Tovuz” da böyük hədəflə gəlirlər. Rəqabət olan yerdə ancaq inkişaf ola bilər”.


