İngiltərə futbolunun tanınmış simalarından Pol Merson "Mançester Yunayted"dəki hazırkı durumu dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, sabiq "Arsenal" oyunçusu bildirib ki, baş məşqçi dəyişikliyi vəziyyəti köklü şəkildə dəyişməyəcək. "İstəsəniz Karlo Ançelottini də gətirib ondan Premyer Liqanı qazanmağı tələb edə bilərsiniz, amma o da uğursuzluğa düçar olacaq. Mən təəccüblənərdim ki, kimsə desə, "Mançester Yunayted" mövsümü "Brayton"dan yuxarı başa vuracaq. Artıq bu, əvvəlki "Yunayted" deyil. "Brayton" bir komandadır, düzgün transferlər edirlər, superulduz almağa çalışmırlar, işlərini bilirlər."
Merson həmçinin qeyd edib ki, Joze Mourinyo "Mançester Yunayted"də ikinci yeri tutanda bunu karyerasının ən böyük nailiyyəti adlandırmışdı və bu, həqiqət idi. "Düşünürəm ki, "Yunayted" hələ uzun müddət bu vəziyyətdə qalacaq. Onlar ən yaxşı futbolçuları almaqla uğur qazana bilməzlər. Transferlərdə sanki təsadüfi seçim edirlər. Uğur üçün hər şeyi yenidən qurmalı və "Brentford"la "Brayton"dan nümunə götürməlidirlər. İndi insanlar televizora baxıb qışqıracaq, amma gəlin etiraf edək: kim mövsümü yuxarı başa vuracaq? Vəziyyət həqiqətən narahatedicidir", – deyə Merson vurğulayıb.


