Avrokubokların I təsnifat mərhələsinin ilk qarşılaşmaları Azərbaycan futbolu tarixinə rekord göstərici ilə düşüb.

Offsideplus.az xəbər verir ki, təmsilçilərimizin həftə ərzində keçirdikləri hər üç oyunda qələbə qazanması ölkə futbolu tarixində ikinci belə uğurdur. UEFA Çempionlar Liqasında "Sabah" Uels TNS-ini 2:0, UEFA Avropa Liqasında "Qarabağ" İslandiya "Vestri"sini 3:0, UEFA Konfrans Liqasında isə "Zirə" Gürcüstan "Torpedo"sunu eyni hesabla (3:0) məğlub edib.

Klublarımız analoji uğura yalnız 13 il əvvəl - 2013-cü il iyulun 11-də imza atmışdılar. Həmin vaxt Avropa Liqasında "İnter" "Mariehamn"ı (2:0), "Qarabağ" "Metallurq"u (1:0), "Xəzər Lənkəran" isə "Slima"nı (1:0) üstələmişdi.

Builki uğuru tarixi edən əsas məqam isə top fərqidir. 2013-cü ildə qapısını toxunulmaz saxlayan klublarımız ümumilikdə 4 qol vurmuşdusa, bu dəfə qol buraxmadan rəqib qapılarından ikiqat çox - 8 top keçirməyi bacarıblar.