DÇ-2026-nın 1/4 finalında İngiltərə ilə qarşılaşacaq Norveç millisi yerləşdiyi oteli gözlənilmədən dəyişib.
Offsideplus.az xəbər verir ki, Erlinq Haaland və komanda yoldaşları Mayamidəki "The Dalmar" otelindəki şəraitdən narazı qalıblar. Futbolçular otaqların yaxşı təmizlənməməsindən, kif və tütün qoxusundan, həmçinin yaxınlıqdakı tikinti sahəsinin səs-küyündən şikayətləniblər.
Norveç nümayəndə heyətinin rəhbəri Truls Dehli tarixlərinin ən vacib oyununa hazırlaşdıqlarını və riskə girməmək üçün daha sakit və bahalı bir otelə köçdüklərini bildirib. O, FİFA-nın təhlükəsizlik, nəqliyyat və 50 otağın xərclərini ödəməyə davam etdiyini, aradakı qiymət fərqini isə Norveç Futbol Federasiyasının qarşıladığını qeyd edib.
Qeyd edək ki, Norveç - İngiltərə matçı şənbə günü Bakı vaxtı ilə saat 01:00-da start götürəcək.


