"Mançester Yunayted"in sahibləri klubun yeni baş məşqçisi postuna Maurisio Poçettinonun təyin olunması barədə birgə qərar qəbul ediblər.

Offsideplus.az xəbər verir ki, əvvəl bəzi mənbələr Glazer ailəsinin bu seçimi müstəqil şəkildə etdiyi və texniki direktor Ceyson Uilkokslə oyunçu seçimi üzrə direktor Kristofer Vivelin namizədlərinin nəzərə alınmadığı barədə məlumat yaymışdı. Lakin klub rəhbərliyi bu iddiaları təkzib edib və Poçettino ilə birbaşa danışıqlar aparılan yeganə namizəd olduğunu bildirib.

Məlumata görə, qərar klubun futbol rəhbərliyinin təşəbbüsü ilə, Poçettinonun müqaviləsindəki təzminat bəndinin mövcudluğu aşkarlandıqdan sonra qəbul olunub. Klubun icraçı komitəsinin "Aston Villa" ilə oyundan üç gün əvvəl keçirilən iclasında bütün əsas direktorlar iştirak edib və Maykl Kerriklə yollar ayrılacağı təqdirdə məhz argentinalı mütəxəssisin dəvət olunması barədə yekdil qərar verilib.

Bildirilib ki, Jim Rətkliff də bu təyinatı tam dəstəkləyib. Klubun baş direktoru Omar Berrada ötən həftə Monakoda keçirilən INEOS sammitində ABŞ Futbol Federasiyası ilə əlaqə saxlayaraq "Mançester Yunayted"in Poçettinonun müqaviləsindəki 10 milyon dollar məbləğində olan satınalma şərtini aktivləşdirmək niyyətini rəsmən bəyan edib.

Klub nümayəndələri rəhbərliklə sahiblər arasında heç bir fikir ayrılığı olmadığını vurğulayıb və Poçettinonun seçilməsində əsas rolun futbol rəhbərliyinə məxsus olduğunu qeyd ediblər.