Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili bu ilin yayında RAF turnirində baş vermiş insidentə görə sərbəst güləşçi Əhməd Hacıməhəmmədovdan üzr istəyib və onunla görüşməyi təklif edib.

Offsideplus.az xəbər verir ki, Dvalişvili sosial şəbəkə hesabında paylaşdığı açıqlamada hadisədən dərhal sonra tərəflərin əl sıxaraq məsələni bağladığını xatırladıb. Lakin sonradan yayılan videoda gürcü idmançının Hacıməhəmmədovun ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyi ortaya çıxıb.

Dvalişvili məsələyə belə aydınlıq gətirib:

"Əhməd, hər ikimiz baş verənləri bilirik. Mən sadəcə bu hərəkətimə görə üzr istəyirəm. Həmin an sənin kim olduğunu bilmirdim, yaxınlaşıb məni tutanda və başqa dildə qışqıranda nə baş verdiyini anlamadım. Bu məsələni tam həll etməliyik. Bir çox ortaq dostlarımız var. Görüşmək istəsən, birbaşa mənə yaz".

Qeyd edək ki, sözügedən paylaşım sonradan Dvalişvilinin sosial şəbəkə hesabından silinib.